Q.Məmmədovun məruzəsi

“Azərbaycan Respublikasında müdafiə hüququnun problemləri barədə”.


Hörmətli Sədr! Hörmətli millət vəkilləri! Ekranlar qarşısında bizi izləyən möhtərəm soydaşlarımız!
Parlament rəhbərliyinin bu gün müzakirəyə çıxardığı mövzu fövqəladə dərəcədə əhəmiyyətli məsələdir, çünki bu, bizim hamımızın, Azərbaycan vətəndaşları olaraq, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, var olma, milli kimlik, “ekzistensial narahatlıq” problemidir.
Söhbət müdafiə hüququndan gedir.Vaxtın darlığını və mövzunun həcmini nəzərə alaraq, mən fikirlərimi tezislər şəklində çatdırmağa çalışacağam.


Müdafiə hüququnun mahiyyəti.

Hörmətli millət vəkilləri, hər bir insan doğulduğu andan etibarən Allah c.c. tərəfindən öz hüquqlarının müdafiəçisi kimi yaradılıb. Biz hamımız müdafiəçi kimi doğulmuşuq. Bu, bizim təbii haqqımızdır. Yenicə doğulan, nitqi formalaşmayan körpə ağlamaqla və müxtəlif hərəkətlər etməklə özünün qidalanma və yaşama hüququnu müdafiə edir. Bir milçək tərəfindən narahat edilən körpə uşaq əl-qol hərəkətləri ilə o milçəkdən qorunmağa çalışır.
Bu gün Azərbaycan hakimiyyəti xalqımızı nəinki milçəklərdən, yekə-yekə rüşvətxor və korrupsioner məmurların, polisin, dövlət orqanlarının, məhkəmələrin özbaşınalığı qarşısında müdafiəsiz hala salmaqla, onun müdafiə hüquqlarını tədricən məhdudlaşdırmaq və tamamilə əlindən almaqla onda müdafiəsizlik, kimsəsizlik, ümidsizlik duyğusunu gücləndirir. Bunun səbəbini çıxışımın sonunda diqqətinizə çatdıracağam.


Müdafiə hüququnun tarixi inkişafı. Müdafiə hüququ müasir dünyada başa düşülən formaya tədricən, müxtəlif dövrlərin iqtisadi, siyasi, mənəvi, dini, hətta təbii şərtləri altında formalaşaraq gəlib çatıb.Müdafiə hüququ hüquqi dövlətin və ədalət mühakiməsinin əsas sütunlarından biridir.Şəxsin hüquq və azadlıqlarının qorunması, dövlətin cəza və məcburetmə mexanizmləri qarşısında tarazlığın təmin edilməsi məhz bu hüququn real və effektiv tətbiqindən asılıdır.
Sizcə, hörmətli millət vəkilləri və əziz soydaşlarımız, bizim Azərbaycanda bu hüquq – müdafiə hüququ real və effektiv tətbiq edilirmi?Sizin müdafiə hüquqlarınız varmı? Qanunlarda belə bir hüquq nəzərdə tutulsa da, bu hüququn real tətbiq və istifadə imkanları varmı, dövlət sizə bu hüququnuzu reallaşdırmaq üçün təminatlar yaradıbmı?Müdafiə oluna bilirsinizmi?
Əslində, vəkillik institutu müdafiə hüququnun praktik həyata keçirilməsinin peşəkar mexanizmi kimi formalaşıb.Ancaq hamının, xüsusilə də ekran qarşısında bizi izləyən milyonlarla vətəndaşımızın düşünməsi üçün bir sual vermək istərdim: hörmətli millət vəkilləri, müdafiə hüququnun həyata keçirilməsi sizcə yalnız fəaliyyəti dövlət tərəfindən nizamlanan, bir çox hallarda dövlət nəzarətində olan və
dövlət tərəfindən, konkret olaraq icra hakimiyyəti və məhkəmələr tərəfindən müxtəlif təsirlərə və təzyiqlərə açıq olan vəkillikləmi bağlı olmalıdır?
Ölkəmizdəki vəkilliyin və məhkəmələrin indiki durumunu nəzərə alaraq, bu barədə hamınızı ciddi düşünməyə dəvət edirəm.Bu çıxışda mənim məqsədim müdafiə hüququnun Azərbaycan Respublikasında bu institutun vəziyyətini beynəlxalq standartlarla müqayisəli formada təhlil etməkdir.
Mən bu çıxışımda müdafiə hüququnun elmi-nəzəri, tarixi inkişaf mərhələləri, müxtəlif dövlətlərdə tətbiq fərqləri, Azərbaycanda müdafiə hüququnun (xalq arasında bu daha çox vəkillik kimi algılanır) yaranma və inkişafı, formalaşması haqqında danışmaqla sizi mürəkkəb hüquqi terminlərlə məşğul etmək, yormaq fikrində deyiləm. Ancaq qısa-qısa da olsa, bəzi məlumatların verilməsində fayda görürəm.


Müdafiə institutunun qısa yaranma tarixçəsi.

  1. Qədim dövrlər. Müdafiə hüququnun ilkin formaları qədim icma və qəbilə cəmiyyətlərində yaranıb. Əvvəlcə bu funksiya ailə böyükləri, tayfa başçıları və ya dini liderlər tərəfindən həyata keçirilib.Dövlətin formalaşması və hüquq normalarının yazılı şəkildə təsbit olunması ilə müdafiə fəaliyyəti peşəkar səviyyəyə keçib.Antik dövrdə hüquqi mübahisələrin açıq məhkəmələrdə aparılması, tərəflərin arqumentlərini təqdim etməsi və ictimai rəyin qərarvermədə rolu müdafiə institutunun əsasını təşkil edib.Sonrakı mərhələlərdə bu fəaliyyət xüsusi bilik və bacarıq tələb edən hüquqi peşəyə çevrilib.
  2. Qədim Yunanıstan. Qədim Afinada məhkəmə prosesləri əsasən xalq məhkəmələrində keçirilirdi. Xatırlayırsınızsa, SSRİ vaxtında bizim məhkəmələr də “xalq məhkəməsi” adlandırılırdı. Məsələn, “Sabirabad rayon Xalq Məhkəməsi” və s.O vaxt, yəni Afinada vətəndaşlar özlərini şəxsən müdafiə etməli idilər. Bununla belə, “loqoqraflar” adlanan hüquqi mətn yazan şəxslər tərəflər üçün müdafiə nitqləri hazırlayırdılar. Bu, vəkillik institutunun ilkin peşəkar forması hesab olunur.Şərqdə, məsələn, bizim ölkədə yunan “loqoqraflar”ının funksiyasını mirzələr, müəllimlər, kəndin ziyalıları həyata keçirirdi. Bu təcrübə indi də davam etməkdədir.
  3. Qədim Roma. Roma hüququ müdafiə institutunun inkişafında həlledici rol oynadı. “Advocatus” anlayışı məhz bu dövrdə formalaşdı. Roma vəkilləri hüquqi biliklərlə yanaşı, natiqlik bacarıqlarına da malik olmalı idilər. Müdafiə fəaliyyəti həm şəxsi münasibətlər, həm də peşəkar xidmət kimi həyata keçirilirdi.Roma hüququnun sistemləşdirilməsi və hüquqi presedentlərin yaranması vəkillik institutunun gələcək Avropa hüquq sistemlərinə təsirini təmin etdi.
  4. Orta əsrlər. Orta əsrlərdə hüquq əsasən dini və feodal qaydalarına söykənirdi. Müdafiə hüququ bir çox hallarda məhdudlaşdırılmış, inkvizisiya və feodal məhkəmələrində təqsirləndirilən şəxslərin hüquqları ciddi şəkildə pozulmuşdu. Bununla belə, kanon hüququ və şəhər hüquqları çərçivəsində müdafiə funksiyası müəyyən formalarda, simvolik də olsa, saxlanılırdı.
  5. Yeni dövr və müasir hüquq sistemi. Yeni dövrdə, yəni müasir dövrümüzdə konstitusiyaların qəbul edilməsi, insan hüquqları konsepsiyasının formalaşması və hüquqi dövlət anlayışının inkişafı müdafiə hüququnun əsaslı şəkildə güclənməsinə səbəb oldu. Vəkillik müstəqil hüquqi peşə kimi təsbit edildi, məhkəmə sistemində “bərabər tərəf prinsipi”, yəni ittiham və müdafiə tərəfinin bərabərliyi prinsipi qəbul olundu.
  6. Dini hüquq sistemlərində müdafiə hüququ. Dini hüquq sistemlərində müdafiə hüququnun vəziyyəti fərqli idi.
  7. İslam hüququ. İslam hüququnda ədalət anlayışı mərkəzi yer tutur. Qazıların qərar verməsi zamanı tərəflərin dəlil və sübutlarını təqdim etməsi əsas şərt hesab olunur. “Vəkil” anlayışı fiqh mənbələrində mövcuddur və şəxs öz hüquqlarını müdafiə etmək üçün nümayəndə təyin edə bilər.
    Hörmətli millət vəkilləri, xahiş edirəm, diqqət edin: islam hüququna görə, təyin edilən nümayəndənin yalnız hüquqşünas olması, bizim başa düşdüyümüz vəkil peşəsinə sahib olması tələb edilmir. İslam dinində “vəkil” sözü Allahın adlarından biri və müdafiə edənlərin ümumiləşdirilmiş adıdır. Bu hüquq müdafiə olunana aid olduğu üçün kimi nümayəndə təyin etmək də ondan asılıdır. Niyə? Çünki islam hüququnda müdafiə hüququ əsasən vicdan, ədalət və haqqın bərpası prinsiplərinə əsaslanır. Bunun üçün isə illa da hüquqşünas olmağa ehtiyac yoxdur; ədalətli, vicdanlı, insaflı insan olmaq yetərlidir. Zatən hakim vəzifəsində oturanlar qanunları bilirlər və bilməyə borcludurlar.
  8. Xristian hüquq sistemi. Xristianlıqda hüquqi sistem əsasən Roma hüququ və kanon hüququ əsasında formalaşmışdı. Müdafiə hüququ məhkəmə prosesinin ayrılmaz hissəsi kimi qəbul edilmişdi. Xüsusilə Avropa ölkələrində hüquqi peşə kimi vəkillik institutu kilsə və dövlət hüququnun sintezi nəticəsində inkişaf edib.
    Hər iki hüquq sistemində əsas məqsəd ədalətin təmin olunmasıdır. Fərq isə normativ bazanın mənbəyindədir: şəriət ilahi mənbələrə, xristian hüquq sistemi isə əsasən hüquqi presedentlərə və dövlət qanunvericiliyinə söykənir.

  9. Tarixi dövlətçilik ənənələrində müdafiə hüququ.
    Osmanlı imperiyası. Osmanlı hüquq sistemi şəriət və sultan fərmanlarının sintezindən ibarət idi. Məhkəmələrdə qazılar əsas rol oynayırdı. Müdafiə hüququ formal şəkildə mövcud olsa da, müasir mənada müstəqil vəkillik institutu tam formalaşmamışdı.
    Səfəvilər dövləti. Şah İsmayıl Xətai dövründə hüquq sistemi dini əsaslara söykənirdi. Müdafiə fəaliyyəti əsasən dini alimlər və icma nümayəndələri tərəfindən həyata keçirilirdi.
    Qacarlar dövrü. Bu dövrlərdə mərkəzləşmiş hakimiyyət hüquqi proseslərə birbaşa təsir göstərirdi. Müdafiə hüququ dövlət iradəsindən asılı vəziyyətdə idi və müstəqil institut kimi inkişaf etməmişdi. Təqribən Azərbaycanın indiki vəziyyətində olduğu kimi.
    SSRİ dövründə vəkillik. Sovet hüquq sistemi ideoloji əsaslara söykənirdi. Vəkillik institutu formal şəkildə mövcud olsa da,
    dövlət və partiya nəzarəti altında fəaliyyət göstərirdi. Müdafiə hüququ nəzəri olaraq tanınsa da, siyasi işlərdə vəkillərin real təsir imkanları məhdud idi. Bu gün Azərbaycanımızda məhz belədir. SSRİ təcrübəsi, bolşevik iş üsulu davam edir.
    Müstəqil Azərbaycanda vəziyyət. 1991-ci ildən sonra Azərbaycan Respublikasında vəkillik institutu hüquqi dövlət quruculuğunun tərkib hissəsi kimi inkişaf etdirilsə də, 4 iyun 1993-cü ildə Heydər Əliyevin silahlı dövlət çevrilişi ilə hakimiyyəti zəbt etməsindən sonra, bütün sahələrdə olduğu kimi, bu sahədə də xalqın əleyhinə addımlar atıldı. Azərbaycan ailə hakimiyyəti formasında, şəxsi mülkiyyət kimi idarə edilməyə başlandı və müxtəlif dövrlərdə qəbul edilən qanunlar vasitəsilə müdafiə hüququ mümkün olan qədər məhdudlaşdırıldı və demək olar ki, sıfırlandı.
    Avropa hüququ ilə müqayisə. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququnu təsbit edir. Başqa hüquqlarla birlikdə, 6-cı maddənin “c” bəndində “şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;” hüququ da nəzərdə tutulub.
    Hörmətli millət vəkilləri, lütfən diqqət edin: “şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq!”
    Azərbaycan Avropa Konvensiyasına 25 dekabr 2001-ci ildə qoşulsa da, qanunvericiliyimizdə bu prinsiplər formal olaraq qəbul edilsə də, həmin hüququn tətbiq mexanizmlərində elə məhdudiyyətlər nəzərdə tutulub ki, artıq ölkəmizdə mahiyyətcə müdafiə hüququnun olmasından danışmaq mümkün deyil.
    VIII. Konstitusion təminatlar və təcrübə.Hörmətli millət vəkilləri və əziz soydaşlarımız.Yuxarıda dediklərimi əsaslandırmaq üçün çıxışımı konkret misallar və faktlarla davam etmək istərdim.
    Azərbaycan Respublikası Konstitusiyasında “müdafiə” sözü 26 dəfə istifadə edilir.
    26-cı maddədə (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) deyilir: “I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.”
    Şəxsən sizlər, bu maddədə yazılanları real həyatda, öz təcrübənizdə görürsünüzmü?
    32-ci maddə (Şəxsi toxunulmazlıq hüququ): “II. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.”
    Bu hüquq necə, ölkəmizdə təmin edilirmi?
    46-cı maddə (Şərəf və ləyaqətin müdafiəsi hüququ): “I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.”
    Azərbaycan rejimi hər gün insanları şərləyərək həbs etməklə, onları işsiz qoymaqla, aşağı maaşlı işlərdə çalışaraq “bir qarın ac, bir qarın tox” vəziyyətdə yaşamağa məcbur etməklə, vətəni tərk etməyə məcbur etməklə, polis zorakılığına, məhkəmə dərəbəyliyinə şərait yaratmaqla, 2020-ci ildən
    başlayaraq artıq 5 il müddətində sərhədləri bağlı saxlamaqla, valideynləri övladları ilə, kişiləri xanımları ilə görüşməyə imkan verməməklə Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətini alçaltmırmı, onları təhqir etmirmi?
    Yox, mənim niyyətim Konstitusiyamızda təsbit edilən hüquqların pozulmasından danışmaq deyil. Mövzumuz bu və bunun kimi pozulan yüzlərlə hüquqlarımızın müdafiəsinin vəziyyətidir.
    Sual budur: bu hüquqlar real məhkəmə və inzibati təcrübədə tam şəkildə təmin edilirmi?Bizim ölkəmizdə pozulmuş hüquqların, insan hüquq və azadlıqlarının müdafiəsi mümkündürmü? Vəziyyətimiz necədir?
    Buyurun, hörmətli millət vəkilləri və dəyərli xalqımız, mən bu sahədəki dəhşətli vəziyyəti sizə konkret qanunvericilik aktları ilə göstərmək istəyirəm.
    Konstitusiyamızın 25, 26, 60–68-ci maddələri vətəndaşların pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiəsi haqqındadır.
    Konstitusiyamızın 60-cı maddəsinə (Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı) əsasən:“I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”
    Sizcə, eşitdiyiniz bu hüquqlar ölkəmizdə təmin edilirmi?
    Konstitusiyamızın 61-ci maddəsinə (Hüquqi yardım almaq hüququ) əsasən:“I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.”
    Doğrudanmı, sadə Azərbaycan vətəndaşının, aldığı əmək haqqı ailəsinin yavan çörəyinə güclə çatan zəhmətkeş insanlarımızın “keyfiyyətli” demirəm, adi hüquqi yardım almaq imkanları varmı?
    İndi baxaq görək, Konstitusiyada yazılanlar real həyatda təcrübədə necə tətbiq edilir.Bu suala cavab vermədən öncə, hörmətli millət vəkilləri, sizi və qədirbilən xalqımızı bir sual üzərində düşünməyə çağırıram.
    Konstitusiyamızın 41-ci maddəsində “sağlamlığın qorunması hüququ”, 42-ci maddəsində “təhsil hüququ”, 43-cü maddəsində “mənzil hüququ” nəzərdə tutulub.
    Bu hüquqlar, müvafiq olaraq, “Səhiyyə Nazirliyi haqqında Əsasnamə və ya qanun”, “Təhsil Nazirliyi haqqında Əsasnamə və ya qanun”, eləcə də “İcra hakimiyyətləri haqqında Əsasnamə və ya qanun”la nizamlanır, yoxsa, müvafiq olaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” 26 iyun 1997-ci il tarixli, “Təhsil haqqında” 19 iyun 2009-cu il tarixli qanun və 30 iyun 2009-cu il tarixli “Mənzil Məcəlləsi” ilə nizama salınır?
    Təbii bir sual yaranır: nəyə görə Azərbaycan vətəndaşlarının müdafiə hüquqları bu sahəyə aid olan konkret qanunla yox, hansısa bir təşkilatın, indiki halda müdafiə hüququnu inhisara alan “Vəkillər Kollegiyasının” fəaliyyətini nizama salan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunla nizamlanmalıdır?
    Bu qanunla tanış olanlar bilirlər ki, qanun yalnız bir təşkilatın – “Azərbaycan Vəkillər Kollegiyasının” fəaliyyəti haqqındadır, vətəndaşlarımızın müdafiə hüquqları barədə yox. Onu Əsasnamə adlandırmaq daha doğru olardı.
    Prosessual qanunvericilikdən nümunələr.
  10. İndi isə konkret faktlar.
    Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
    Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
    Ali Məhkəmə məhkəmə hesab edilirmi? Hər bir şəxs Ali Məhkəmənin müdafiəsindən istifadə edə bilirmi? Yox. Niyə? Çıxışımın növbəti hissəsində bunun səbəbini biləcəksiniz, hörmətli millət vəkilləri.
    Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.
    Diqqət edin: burada “şəxsən öz hüquqlarını müdafiə etmək hüququ” nəzərdə tutulmur. Qeyd edilən hüquqları isə təcrübədə bir çox hallarda həyata keçirmək mümkün deyil. Niyə? Bunu da bir azdan biləcəksiniz.
    Maddə 49. Mülki prosessual fəaliyyət qabiliyyəti49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə məxsusdur.49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. – Bu maddədə yazılan hüquq – şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilmək – real həyatda, təcrübədə reallaşdırıla bilirmi? Bir azdan görəcəksiniz.
    İndi isə yuxarıda verdiyim: “Ali Məhkəmə məhkəmədirmi?”, “vətəndaşlarımız məhkəməyə müraciət etmək hüququnu reallaşdıra bilirlərmi?”, “hüquqlarını şəxsən müdafiə etmək hüququnu həyata keçirə bilirlərmi?”, “iş materiallarının surətlərini ala bilirlərmi?” və s. kimi sualların cavabını bilmək üçün diqqət edin.
    Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə
    yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
    Hörmətli millət vəkilləri.
    Bu maddəyə 16 ildə 3 dəfə dəyişiklik edilib. Deməli, qanun qəbul ediləndə ətraflı müzakirə edilməyib və mövcud ictimai münasibətlərin tələbləri nəzərə alınmayıb.
    1.
    26.05.2009-cu ildə. 67-ci maddə yeni redaksiyada verildi. Maddənin ilkin məzmunu belə idi: “Kassasiya və əlavə kassasiya şikayətləri, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilə və yalnız vəkilin iştirakı ilə baxıla bilər.”
    İndi belədir: “67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.”Əsas fərq: əvvəl yalnız vəkilin iştirakı ilə baxılma nəzərdə tutulurdu, yəni tərəfin özünün iştirak etmədiyi halda da işə baxıla bilirdi. Yeni redaksiya tərəfin özünün iştirakını vəkilin mütləq iştirakı ilə şərtləndirdi, yəni vəkil şəxsən iştirak etmirsə, tərəf də həmin işlərdə iştirak edib hüquqlarını müdafiə edə bilməz.
    2.
    09.06.2023-cü ildə. 67.2-ci maddə ləğv edildi. Həmin maddə belə idi: “67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.”
    Burada məqsəd “işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda” ifadəsini çıxartmaq, onu 67-1.4-cü maddədə göstərilən konkret hallarla əvəz edib vətəndaşların məhkəmələrə müraciət imkanlarını daha da məhdudlaşdırmaqdır.
    3.
    31.10.2025-ci ildə. 67.3-cü maddə əlavə edildi: “Vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.”
    Diqqət edin, hörmətli millət vəkilləri! Əvvəllər “Vəkillər Kollegiyası”nın üzvü olan vəkillər də “vəkilin prosesdə məcburi iştirakı” tələb edilən işlərdə başqa bir vəkillə təmsil edilməli idilər. Bu əlavə həmin normal məntiqə, sağlam ağla zidd vəziyyəti dəyişdi. Ancaq…Həmin vəkilə dərs deyən hüquq elmləri üzrə professorlar, polis rəisləri, prokurorlar, hakimlər, hüquqşünas ixtisaslı məmurlar, bir sözlə, ali hüquq təhsili alan minlərlə digər şəxslər isə mütləq yalnız vəkillə təmsil ediləndə öz hüquqlarını müdafiə edə bilərlər. Bu qədər absurd bir şey olarmı? Bu, hansı məntiqə sığır, hansı ağılla və hansı məqsədlə edilir? Bir azdan bunları etməkdə rejimin əsl məqsədlərini biləcəksiniz.
    4.
    Maddə 67-1. Vəkilin prosesdə dövlət hesabına iştirakı
    Bu maddəyə də iki ildə 4 dəfə dəyişiklik edilib. Diqqət edin, niyəsini özünüz asanlıqla müəyyən edə biləcəksiniz.
    1.
    09.06.2023-cü ildə. Məcəlləyə 67-1-ci maddə əlavə edildi.
    2.
    07.11.2024-cü ildə. Bir il sonra. 67-1.5-ci maddənin birinci cümləsinə “təxirə salınmadan” sözlərindən sonra “lakin sonrakı iş günündən gec olmayaraq” sözləri əlavə edildi.
    3.
    11.04.2025-ci ildə. 22 aydan sonra. 67-1.4.1-ci maddəsinə “işləməyən” sözündən sonra “şəxslər” sözü əlavə edilmiş və həmin maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilmişdir.
    4.
    26.12.2025-ci ildə. 30 aydan sonra 67-1.4.3-cü maddəsindən “valideynini itirmiş və ya” sözləri çıxarıldı.
    Bir maddənin 30 ayda 4 dəfə dəyişikliklərə məruz qalması ölkəmizdə qanunverici orqanın lazımi səviyyədə olmamasının sübutudur. Təyin edilən deputatlardan bundan artığını da gözləmək, təbii ki, məntiqsizlik olardı.
    İndi isə diqqətinizi rejimin xalqa qarşı apardığı gizli və tədrici hüquqi müharibəsinə yönəltmək istəyirəm.
    MPM-nin 67-1.4-cü maddəsində deyilir: “Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir:

    67-1.4.1. orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, eləcə də əlilliyi olan uşaqlar;

    67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;

    67-1.4.3. valideyn himayəsindən məhrum olunmuş uşaqlar;

    67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

    67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;

    67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olan və məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.”
    Hörmətli millət vəkilləri və əziz həmvətənlərimiz!
    01.01.2025-ci ildə qüvvəyə minən “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, “2025-ci il üçün yaşayış minimumu

    ölkə üzrə 285 manat,

    əmək qabiliyyətli əhali üçün 305 manat,

    pensiyaçılar üçün 232 manat,

    uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.”
    Bu rəqəmləri nəzərə almadan, Vəkillər Kollegiyasının rəhbərliyi vəkillərə müqavilə üçün vətəndaşlardan ən azı 320 manat tələb etmək öhdəliyi qoyubsa, bu ölkədə kimin müdafiə olunmaq, vəkil vasitəsilə Ali Məhkəməyə çatımlılıq imkanı var? Heç kimin.
    Bu, əvvəla, Mülki Məcəllənin 390-cı maddəsində nəzərdə tutulan “müqavilə azadlığı” hüququna ziddir, çünki müqavilə məbləği “müqavilə azadlığı”nın tərkib hissəsidir və o, yalnız tərəflər arasında razılıqla müəyyən edilə bilər, birtərəfli qaydada, inzibati göstərişlə yox.
    İkincisi, belə bir məbləğin qoyulması minimum əmək haqqı 400 manat olan Azərbaycan vətəndaşının müdafiə hüququnu heçə endirir, çünki vəkilin haqqını ödəməyə onun pulu yoxdur. Məhkəməyə ödənməli dövlət rüsumlarını, vəkillərə ödənməli olan, müqavilə ilə rəsmiləşdirilən 320 manatı və rəsmiləşdirilməyən əlavə məbləğləri ödəmək üçün vətəndaş həmin ay nəinki ac qalmalıdır, o, həm də hardansa borc almalıdır.
    Məqsəd: vətəndaşları məhkəmə müdafiəsindən məhrum etmək, onlarda kimsəsizlik, sahibsizlik, arxasızlıq və ümidsizlik hisslərini gücləndirib Vətəni tərk etməyə məcbur etməkdir.
    Maddə 69. Nümayəndə vasitəsilə işin aparılması69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsilə məhkəməyə iddia verə bilər.
    Burada sadəcə “şəxsən məhkəməyə iddia verə bilər” deyilir, “şəxsən hüquqlarını müdafiə edə bilər” deyilmir. Birinci instansiya məhkəməsində şəxsən iddia qaldıran şəxs sonradan, yəni Ali Məhkəmədə hüquqlarını şəxsən müdafiə edə bilməyəcəksə, o iddianı qaldırmağın bir anlamı qalırmı? Əlbəttə, yox.
    Bu ölkədə kasıbların yaşaması qeyri-mümkün hala gəlmişdir.Yəni Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə qanunvericilik səviyyəsində əməl edilmir.
    Cinayət Prosessual MəcəlləsiMaddə 233.5-1. Hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayana qədər dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir.
    Hüquqi yardım istəyən təqsirləndirilən şəxsin vəkilin haqqını ödəmək imkanı yoxdursa? Məhz buna görə bizim vətəndaşlarımız 99 faiz hallarda vəkilsiz dindirilir, işgəncəyə məruz qoyulur və etmədiyi cinayətlərə görə “etiraf izahatları”na imza etdirilir.
    Maddə 233.5-2. “Müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz…”
    Beynəlxalq sənədlərdə “Tərtər işi” kimi tanınan “Tərtər qətliamı” cinayətinin AzerFreedom kanalında aparılan araşdırmaları sübut etdi ki, minlərlə əsgər və zabitimiz vəkil olmadan dindirilmiş, dəhşətli işgəncələrə məruz qalmış və etmədikləri cinayətləri “etiraf etməyə” zorlanmışlar. Vəkillə dindirilənlərə belə, vəkillərin gözü qarşısında işgəncə verilib, bəzi hallarda vəkillər də onları döyüb və işgəncə ilə alınan ifadələrə imza etməyə məcbur ediblər.
    Zamanında onlardan heç birinə bəraət verilməyib və ən əsası isə, heç bir vəkil, hörmətli Parlament sədrimiz Ərəstun Oruclunun sözləri ilə desək, bu “əsrin cinayəti” haqqında vaxtında xalqımıza məlumat verməyib, ictimai qaydada etiraz səsini ucaltmayıb.
    “Tərtər işi” təkzibedilməz bir sübutdur ki, bu ölkədə “müdafiə hüququ” deyilən bir hüquq mövcud deyil, yoxdur və indiki rejim qaldıqca da olmayacaq.
    Maddə 92.3. “Cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır:92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə;
    92.3.2. şübhəli və ya təqsirləndirilən şəxs görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə;92.3.3. cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə;92.3.8. şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə;92.3.12. cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə;92.3.16. məhkəmə baxışı bu Məcəllənin 51-2-ci və 311.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə.”
    Hörmətli millət vəkilləri və əziz həmvətənlər!Rejimin diktəsi altında işləyən, hər an Vəkillər Kollegiyasından atılmaq vahiməsi ilə yaşayan, hakimlərin bir qərardadı ilə öz vəzifəsindən kənarlaşdırılan və özünü qoruya bilməyən, öz hüquqlarını müdafiə edə bilməyən vəkilin cinayət prosesində iştirakı təmin edilsə də, bunu “müdafiə hüququnun təmin edilməsi” kimi qiymətləndirmək olarmı? Əlbəttə ki, yox!
    Ancaq bir çox işlərdə hətta bunu da etmirlər. Yəni şübhəli və ya təqsirləndirilən şəxs tələb etsə də, vaxtında ona vəkil təyin edilmir.
    Maddə 311.2. Təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız bu Məcəllənin 299.9.2-ci və 299.9.3-cü maddələrində nəzərdə tutulmuş hallarda yol verilir.
    O hallar bunlardır:“299.9.1. təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən təkrarən imtina etdiyi və ya boyun qaçırdığı halda;299.9.2. cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda;299.9.3. bu Məcəllənin 467-13.1-ci maddəsində nəzərdə tutulmuş halda.”
    311.2-ci maddəni niyə diqqətinizə çatdırıram?Çünki, əvvəla, CPM-nin 467-13.1-ci maddəsində nəzərdə tutulan hal budur: “…təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər.”
    İkincisi, CPM-nin 467-12.2-ci maddəsinə əsasən: “Cinayət təqibi üzrə qiyabi icraat aparıldıqda bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlar cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir.”
    O hüquqlar isə bunlardır:Maddə 91.5.43. Cinayət təqibi qiyabi icraat qaydasında aparıldıqda:91.5.43.1. çağırış vərəqəsini, cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərarı, habelə cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qəbul edilmiş qiyabi hökmü və ya məhkəmənin digər yekun qərarını bu Məcəllənin 54-1–54-4-cü maddələrində nəzərdə tutulmuş qaydada almaq (istintaqdan və ya məhkəmədən gizlənməsi müəyyən edildiyi hallar istisna olmaqla);
    91.5.43.2. cinayət təqibi üzrə qiyabi icraatda müdafiəçisi vasitəsilə təmsil olunmaq;91.5.43.3. cinayət işinin materialları ilə tanış olmaq, istintaq və digər prosessual hərəkətlərin keçirilməsinə dair vəsatətlər vermək;91.5.43.4. cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qəbul edilmiş qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı ilə bağlı bu Məcəllənin 467-17-ci maddəsində nəzərdə tutulmuş qaydada ərizə verərək, onun ləğv edilməsi və cinayət işinə yenidən baxılmasını tələb etmək.
    Hörmətli millət vəkilləri!Artıq məlumunuz olduğu kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Vüqar Quliyev Vüqar Elbrus oğlu; hakimlər: Rüstəmov Elmin İltizam oğlu və Əliyeva Aytən Heydər qızı) 26 dekabr 2025-ci il tarixli hökmü ilə mən 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm. Həmin məhkəmənin digər hökmləri ilə Parlamentimizin ilk sədri Abid Qafarov, Osmanqızı TV-nin rəhbəri, ABŞ-da yaşayan Sevinc Osmanqızı, eləcə də ABŞ-da yaşayan Beydulla Manafov 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Parlament sədrimiz Ərəstun Oruclu haqqında qiyabi cinayət təqibi davam edir. Nə mənim, nə də onların CPM-nin 91.5.43-cü maddəsində nəzərdə tutulan, yuxarıda sadalanan hüquqları təmin edilib.
    Xüsusilə vurğulamaq istəyirəm ki, haqlarında qiyabi cinayət təqibi aparılan şəxslərin CPM-nin 91.5.43-cü maddəsində nəzərdə tutulan hüquqlarının həyata keçirilmə qaydası, forması, yeri və sair mexanizmləri haqqında bizim CPM-də konkret göstərişlər yoxdur və bu barədə nə Ali Məhkəmə Plenumunun, nə də Konstitusiya Məhkəməsinin qərarı var.
    Buradan, xalqın mandatı ilə ölkəmizdə yeganə legitim orqan kimi fəaliyyət göstərən bu müqəddəs Parlamentin tribunasından həmin məhkəmələrin hakimlərindən soruşuram: haqqında qiyabi cinayət təqibi aparılan şəxs CPM-nin 91.5.43.3-cü maddəsində nəzərdə tutulan “cinayət işinin materialları ilə tanış olmaq, istintaq və digər prosessual hərəkətlərin keçirilməsinə dair vəsatətlər vermək” hüququnu necə, harada, hansı vasitə ilə həyata keçirə bilər?
    Hörmətli millət vəkilləri!Şəxsən mən özüm canlı efir vasitəsilə və yazılı müraciət etməklə CPM-nin 91.5.43.3-cü maddəsində nəzərdə tutulan hüquqlarımın təmin edilməsi üçün Baş prokuror Kamran Əliyevə və hakim Vüqar Quliyevə dəfələrlə müraciət etdim.Mənim hüquqlarım təmin edilmədi.
    Bu hüquqların heç biri bizim dövlətimizdə təmin edilmir.Xalqımı xəbərdar etməyi özümə borc bilirəm: Azərbaycan hüquq müstəvisindən çıxıb, fərqində olun!
    Reqlament vaxtını keçdiyimə görə üzr istəyirəm, hörmətli Sədr, ancaq nəzərə almağınızı istərdim ki, Azərbaycan hakimiyyəti, HEYDƏRİZM rejimi, Allahın c.c. xalqımız üçün, hər bir insanımız üçün müəyyən etdiyi insan kimi yaşamaq reqlamentini 32 ildir pozur.
    Və sonda…Xərçəng xəstəliyinin təhlükəsi ondadır ki, o, ilkin mərhələdə insanı narahat etmədən əmələ gəlir və iş-işdən keçəndə isə gec olur.
    Bu rejim – HEYDƏRİZM xərçəngdir, xalqımızı tədrici üsullarla yurdlarını tərk etməyə təhrik edir, ölkə boşaldılır, dövlətimizdə etnik tərkib dəyişdirilir və dövlətimiz əlimizdən alınır. Fərqində olun!
    Nəhayət, hörmətli millət vəkilləri, 40 il öncə oxuduğum bir məqaləni sizə xatırlatmaqla çıxışımı bitirmək istəyirəm.Afrika meşələrinin birində zürafələrin kütləvi ölümü baş verir. Araşdırmalar göstərir ki, bu ölümlər yalnız bir ağac növünün çox olduğu yerdə baş verir və zürafələrin bədənindəki zəhərin tərkibi eynidir.
    Alimləri əsl təəccübləndirən isə bu olur ki, həmin ağaclar özünü müdafiə etmək üçün zəhər istehsal edir. Qəribə olan bilirsinizmi nə idi o hadisədə? Bu zəhər yalnız həmin növ ağacların hündür budaqlarında tapılır, aşağıda yox.Çünki bu ağaclar özünü zürafələrdən qorumaq istəyirdi.
    Allah c.c. dilsiz-ağızsız ağaclara da özünü müdafiə qabiliyyəti – “müdafiə hüququ” verib.Azərbaycan xalqının isə ağaclar qədər müdafiə hüquqları yoxdur.
    Müdafiə hüquqlarımızın təmin edilməsi üçün, insanlarımızın yurdlarını tərk etməsinin qarşısını almaq üçün bu rejim -HEYDƏRİZM getməli, xalq iradəsinə söykənən hakimiyyət qurulmalıdır ölkəmizdə.
    Diqqətinizə görə təşəkkürlər!Sağ olun!
    17.01.2026-cı il London

Oxşar yazılar

  • |

    Sənədlər

    Burada AzXP-nin rəsmi sənədləri: Təsis Bəyannaməsi, Nizamnamə, Reqlament, Parlamentin qəbul etdiyi qətnamələr, qərarlar və müraciətlər, eləcə də Komitələrin qəbul etdiyi sənədlərlə, Parlament çıxışları və məruzələrlə tanış ola bilərsiz. Təsis Bəyannaməsi Nizamnamə Reqlament Hüquq və Dövlət quruculuğu Komitəsi haqqında Əsasnamə, 01.03.2025-ci ildə qəbul edilib. İnsan Hüquqları Komitəsi haqqında Əsasnamə, 21.02.2025-ci ildə qəbul edilib İntizam Komissiyası haqq;nda…

  • |

    AzXP komitələri

    Komitələr AzXP-nin strukturunda xüsusi istiqamətlər üzrə fəaliyyət göstərən daimi orqanlardır. Burada komitələrin tərkibi və fəaliyyəti barədə məlumatlarla tanış ola bilərsiz. Hüquq və dövlət quruculuğu Komitəsi: İnsan hüquqları Komitəsi İqtisadiyyat və sosial siyasət Komitəsi: Siyasət (daxili və xarici) Komitəsi: Təhsil və Səhiyyə Komitəsi: Xarici Əlaqələr Komitəsi: Qarabağa Qayıdış Komitəsi: